25.02.2019
25 fevral 2019-cu ul tarixində Şəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Unutmadıq, unutmarıq!” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin kollektivi, Şəki MKS-nin 9 nömrəli kitabxana filialının kollektivi, Şəki Regional ASAN Xidmət mərkəzinin könüllüləri, 3 nömrəli Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü Mərkəzin elmi işçisi Pərvanə Rəhimova açdı və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Şəki MKS-nin 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənova Xocalı faciəsi ilə bağlı məlumat verərək bildirdi ki, Xocalı soyqımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonra çıxış üçün söz Xocalı rayon 3 nömrəli orta məktəbin direktoru Eldəniz Məhərrəmova verildi. Eldəniz müəllim iştirakçılara Xocalı rayonu barədə xatirələrindən, Xocalı faciəsi zamanı törədilən vəhşiliklərdən danışdı.
Tədbirdə Xocalı faciəsində törədilən dəhşətləri əks etdirən videoçarxlar nümayiş olundu. Tədbir ASAN Xidmət mərkəzinin könüllülərinin hazırladıqları kompozisiya ilə davam etdirildi.
Sonda Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Cəfərova iştirakçılara öz təşəkkürünü bildirərək tədbiri yekunlaşdırdı.