Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı harayı”

25.02.2019

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

25 fevral 2019-cu ildə Şəki Tarix Diyarşünaslıq Muzeyində “Xocalı Harayı” mövzusunda anım tədbiri keçirildi. Tədbirdə Şəki Tarix Diyarşünaslıq Muzeyinin, Xalq Tətbiqi Sənəti muzeyinin kollektivləri və 1 saylı şəhər orta məktəbin şagirdləri iştirak edirdilər. İştirakçılar muzeyin girişində təşkil edilmiş “Xocalı harayı” adlı stendlə tanış olduqdan sonra, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, çıxışlara yer verildi.

Şəki Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə öz çıxışlarında bildirmişlər ki, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi növbəti soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdiyi bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xolokost, Xatın faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir.