23.02.2019
B.Vahabzadənin Şəki şəhərindəki ev muzeyində Sabit Rəhmanın və Mirzə Fətəli Axundovun ev muzeylərinin kollektivləri ilə birlikdə Xocalı soyqırımına həsr edilmiş “Xocalı - qan yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə həmçinin Şəki 10 saylı məktəbin şagirdləri də iştirak etdilər.
Əvvəlcə Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından bir hissəni söylədilər. Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli, Sabit Rəhmanın ev muzeyinin direktoru Pərvanə İskəndərova, Mirzə Fətəli Axundovun ev muzeyinin direktoru Ulduz Xəlilova çıxış edərək, Xocalı soyqırımının bəşər tarixində insanlığa qarşı yönəldilmiş ən dəhşətli cinayət olduğunu bildirdilər.
Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.