Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda keçirilən ”I Qax Günləri” festivalı uğurla başa çatıb

03.08.2026

31 iyul–2 avqust tarixlərində Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "I Qax Günləri" festivalı uğurla başa çatıb.

Üç gün davam edən festival ölkənin müxtəlif bölgələrindən çoxsaylı qonaqları bir araya gətirərək Qax rayonunun zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri, turizm imkanları və təbii gözəlliklərinin geniş təqdimatına çevrilib.

Festivalın ikinci günü rayon sakinləri və qonaqlar qədim sənətkarlıq nümunələri, milli tətbiqi sənət əsərləri, rəssamların əl işləri, xalq yaradıcılığı nümunələri və yerli istehsal məhsullarından ibarət sərgilərlə tanış olublar. Milli musiqi və rəqs kollektivlərinin çıxışları, folklor nümunələri və bədii kompozisiyalar tədbir iştirakçılarına unudulmaz təəssürat bəxş edib.

Festivalın son günü isə möhtəşəm bayram konserti ilə yadda qalıb. Azərbaycanın tanınmış incəsənət ustaları, Əməkdar artistlər Könül Kərimova, Teymur Əmrah və İlkin Əhmədov, həmçinin "Şeron" qrupu və Sənan Əliyevin çıxışları minlərlə tamaşaçı tərəfindən böyük maraqla qarşılanıb. Festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

"I Qax Günləri" festivalının keçirilməsində əsas məqsəd rayonun turizm potensialını, zəngin mədəni irsini, milli mətbəxini və təbii gözəlliklərini tanıtmaq, yerli sənətkarlığı, milli-mənəvi dəyərləri və adət-ənənələri təbliğ etmək, rayonun sosial-iqtisadi və turizm inkişafına töhfə vermək, yerli sahibkarlığın inkişafını dəstəkləmək, sakinlərin və qonaqların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq, gənclərin ictimai fəallığını, könüllülük fəaliyyətini və yaradıcılıq potensialını təşviq etmək, eyni zamanda idmanın və sağlam həyat tərzinin təbliğini genişləndirməkdir.