Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda Şəhid Fərid Zaməddinovun xatirəsi anılıb

17.05.2021

Oğuz rayon Mərkəzi kitabxanasının və Qarabulaq kitabxana filialının bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə Vətən müharibəsində Şəhid olmuş Fərid Zaməddinovun ailəsini və məzarını ziyarət ediblər.
Əməkdaşlar əvvəlcə Oğuz Şəhidlər Xiyabanında Şəhidlərin məzarları üzərinə  gül- çiçək dəstələri düzüb,  sonra  Fərid Zaməddinovun yaşadığı evdə olublar. Şəhidin bacısı, qardaşı, həyat yoldaşı və övladları ilə söhbətləşib, ailə üzvlərinə bayram sovqatları hədiyyə ediblər.

Görüş zamanı bildirilib ki, Fərid Zaməddinov Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib. Noyabrın 9-da Talış istiqamətindəki döyüşlərdə Şəhadətə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Zaməddinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.