06.04.2021
Oğuz rayon MKS- nin Yemişənli kənd kitabxanası və kənd klubu əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonun Dəymədərə kəndindən olan, Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Abid Məmmədovun uyuduğu kənd qəbiristanlığında anım mərasimi keçirilib.
Abid yaşasaydı, bu gün əzizləri, yaxın dostları ilə birgə öz ad gününü qeyd edəcəkdi. Anım mərasimində Şəhid Abid Məmmədovun, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Vətən Uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunan Şəhidimizin anası Rübabə xanım söhbət zamanı oğlunun Murovdağ və Kəlbəcər uğrundakı döyüşlərdə iştirakından danışaraq, keçdiyi şərəfli ömür yolu haqda məlumat verib.
Sonra Kitabxananın müdiri Rəqsanə Tahirova çıxış edərək, bütün Şəhidlərimiz kimi, Abid Məmmədovun da adını qanı ilə tariximizin silinməz səhifəsinə yazdığını, xalqımız var olduqca onun adının daim qürurla anılacağını və ehtiramla xatırlanacağını vurğulayıb.