09.03.2021
Oğuz rayon MKS-nin Kərimli, Qarabulaq, Tayıflı, Baş Daşağıl kənd kitabxanalarının birgə təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar videokonfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın qəhrəman oğul və qızlarını vətənpərvərlik ruhunda böyüdən şəhid analarımızı, qəhrəman Şəhid qadınlarımızı yad etmək, Şəhid bacılarının, həyat yoldaşlarının, qızlarının dərdlərinə şərik olmaq, Qadınlar gününün təsis olunma tarixinə nəzər salmaqdan ibarət olub.
Videokonfrans Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra Kərimli kənd kitabxanasının əməkdaşı Gülnarə Məmmədova çıxış edərək bildirib ki, Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə yazılıb. Mənfur düşmənlə gedən döyüşdə yüzlərlə oğul və qızlarımız Vətən uğrunda öz canlarından , sağlamlıqlarından keçiblər. Bu müharibədə həm ön cəbhədə, həm də arxa cəbhədə kişilərlə çiyin-çiyinə duran Azərbaycan qadınının bir daha cəsarətini, mətinliyini gördük.
Daha sonra Oğuz rayon Mərkəzi Kitabxanasının informasiya resurs şöbəsinin müdiri Mehparə Bəkirova, Qarabulaq kənd kitabxanasının əməkdaşı Samirə Məmmədova, Tayıflı kənd kitabxanasının əməkdaşı Nəzakət Həmzəyeva, Padar kənd kitabxanasının əməkdaşı Rəqsanə Tahirova, Baş Daşağıl kitabxanasının müdiri Aybəniz Abdullayeva və Kərimli kənd kitabxanasının fəal oxucuları öz çıxışlarında Vətən müharibəsində Azərbaycan qadınlarının qəhrəmanlığından, əzm və iradə nümayiş etdirmələrindən danışıblar.
Tədbirə qoşulan Şəhid bacısı, şairə Şükufə İbrahimova Şəhid ailələrinə və analarına göstərilən diqqət və qayğıya görə ilk növbədə dövlətimizə və mədəniyyət işçilərinə dərin təşəkkürlərini bildirib.