09.03.2021
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə uca tutulmuşdur.
Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai- siyasi, mədəni həyatında fəal iştirak etmişdir. Azərbaycan qadını doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü şərəflə daşımışdır. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan ciyərparalarının, oğul, bala, qardaş dərdinə sarılaraq, dəyanət, səbr dözüm göstərmişlər.
8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayonu üzrə nümayəndəsi Ulduz Baxışova və Oğuz rayon Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı Oğuz rayonunun Xalxal Qışlaq kəndində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Şahin Cəfərli və Nurlan Əfəndiyevin ailələri ilə görüşüblər. Görüşdə Şəhidlərin həyat və döyüş yoluna nəzər salınıb, onların haqqında xoş xatirələr səsləndirilib. Şəhidlərin ailə üzvləri onlara göstərilən mənəvi və maddi dəstəyə görə kitabxanaçılara təşəkkürlərini bildiriblər.
Sonra Şəhidlərin kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.