Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda “Nizami bəşəri dəyərlərin keşiyində” adlı videkonfrans keçirilib

15.02.2021

Qax rayon MKS və Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami bəşəri dəyərlərin keşiyində” adlı videkonfrans keçirilib. Videokonfransda Mərkəzi Kitabxana Sisteminin direktoru Güllü Əhmədova Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı Sərəncam barədə məlumat verib. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Sonra S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini qeyd edərək, mütəfəkkir şairin Gəncədə məqbərəsinin, Bakıda, Sankt-Peterburqda və Romada heykəllərinin ucaldığını, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Nizami Gəncəvinin adını daşıdığını, Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib.

Daha sonra Almalı kənd kitabxanasının əməkdaşı Leyli Allahverdiyeva Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığından, Cəlayir kənd kitabxana filialının müdiri Çeşminaz Əhmədova Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərlərinin Şərq miniatür sənətinin inkişafına göstərdiyi təsirdən, Qum kənd kitabxanasının əməkdaşı Sənubər Rəhimova Nizami əsərlərində dostluğun tərənnümündən, Mədəniyyət Mərkəzinin metodisti Nuriyyə Əlimova bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyektinin kainatın əşrəfi  insan olduğundan, MM əməkdaşı Şəmsəddin Quliyev Nizaminin əsərlərində sözün qiymətindən, İ.Dagıstanlının Xatirə muzeyinin əməkdaşı Həlimə Muxtarova isə Nizami əsərlərində xeyrin şərə qalib gəlməsindən danışıblar.

Tədbirin sonunda Şəki RMİ-nin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova konfransın təşkilatçılarına təşəkkürünü bildirərək, belə tədbirlərin davamlı keçirilməsini tövsiyə edib.