15.02.2021
Balakən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən torpaqlarının işğaldan azad edilməsində böyük şücaət göstərən, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş qəhrəman Şəhidimiz Hüseynov Əsgər Vaqif oğlunun məzarını və onun ailə üzvlərini ziyarət ediblər.
Ziyarət zamanı Mərkəzin direktoru Ləman Balayeva şəhid Əsgər Hüseynovun timsalında torpaqlarımızın işğaldan azad olunması uğrunda yüksək qəhrəmanlıq və şücaət göstərərk, şəhidlik zirvəsinə ucalmış bütün Vətən oğullarının əziz ruhunun ölkəmizdə ehtiramla yad edildiyini, onlarda olan Vətən sevgisinin bənzərsiz nümunələrinin ürəklərdə ucaldığını bildirib.
Qeyd olunub ki, Əsgər Hüseynov 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq İkinci Qarabağ müharibəsinə qatılmış və Cəbrayıl, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xocavənd uğrunda döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır. 26 oktyabr 2020-ci il tarixində Kortala kənd qəbristanlığında dəfn olunmuşdur.