Səməd Vurğun adına Qax Mədəniyyət Mərkəzinin bir qrup kollektiv üzvü 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən Vətən oğullarından biri, polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə baş çəkiblər.
Görüş zamanı oktyabrın 23-də Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan Sadiq Məmmədovun döyüş yolundan anası qürurla söhbət açmış, Şəhidin Çin, İsrail, Pakistan,Türkiyə Respublikasında keçirilən hərbi təlimlərdə uğurla iştirak etdiyini,Vətənə hər zaman fəxri fərmanlarla, mükafatlarla qayıtdığını bildirmişdir. Sonra Şəhidin həyat yoldaşı onun Vətənə sadiqliyindən, toyunda belə hərbi forma geyindiyindən, qalib ordunun generalı olmaq istədiyindən danışıb. Hal-hazırda Sadiq Məmmədovun Vətənə əmanəti olan 3 övladı böyüyür. Ananın arzusu övladlarını atalarının adına layiq böyütməkdir.
Polkovnik Leytenant Sadiq Məmmədovun qəhrəmanlığı dövlət tərəfindən layiqincə qiymətləndirilərək, o “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”və “Xocavəndin azad olunması” medalları ilə təltif olunmuşdur. Şəhid ailəsinə mənəvi dəstək göstərən kollektiv üzvləri onunla fəxr etdiklərini, Vətəni şərəflə qoruyan Azərbaycan əsgərinin xatirəsinin daim hörmətlə xatırlanacağını qeyd ediblər.