25.01.2021
Canı, qanı bahasına işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərək, bizə böyük qələbəni, zəfəri yaşadan Vətən müharibəsi iştirakçılarını, qazilərimizi tanıtmaq, şəhidlərimizi daim yad etmək hər bir Azərbaycanlının borcudur.
Oğuz rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə Vətən müharibəsinin iştirakçısı və qəhrəmanlarından olan, XTQ-in baş giziri, Prezidentin sərəncamı ilə Vətən müharibəsindəki göstərdiyi igidlik və şücaətlərə görə "Vətən uğrunda", "Cəbrayılın işğaldan azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş qazi Ramin Şabanovla onlayn görüş təşkil olunub.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, Oğuz rayon Yemişənli kənd məktəbinin direktoru Muxtar Malıyev, Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti Anar Hüseynov, həvəskar yazar Vasıf Dadaşov, MKS - nin əməkdaşları və fəal oxucular iştirak ediblər.
Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirin aparıcısı, kitabxananın informasiya-resurs şöbəsinin müdiri Mehparə Bəkirova Ramin Şabanovun qısa tərcümeyi halı ilə iştirakçıları tanış edib və Ramin Şabanov iştirakçılara keçdiyi döyüş yolundan, Vətən müharibəsində qazandıqları Qələbə ilə qürur duyduğundan danışıb.
Sonra çıxış edənlər hər biri ayrı ayrılıqda Vətənin Ramin kimi oğulları ilə fəxr etdiklərini, gələcək nəsillərə onların bir örnək olduqlarını bildiriblər.
Daha sonra fəal oxucular Vətən və bayraq haqqında şeirlər səsləndirərək, qaziyə keçdiyi döyüş yolu haqqında suallar ünvanlayıblar. Ramin Şabanov sualları məmnuniyyətlə cavablandıraraq, görüşün təşkilatçılarına təşəkkürünü bildirib.