Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Sincan kənd kitabxanasında şəhid Tural Məmmədovun xatirəsi anılıb

15.01.2021

Böyük Türk milləti "Ölsəm şəhid, qalsam qazi", "Torpaq-uğrunda ölən varsa Vətəndir" şüarları ilə daim zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən  və mənəvi dəyərlər naminə həmişə döyüşmüş və bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Müqəddəs ali məqama-şəhidlik zirvəsinə yüksələnləri xalqımız daim xatırlayır və qəlbində yaşadır.

 Bu məqsədlə Oğuz rayonu Sincan kənd kitabxanasında Sincan şəhidi Tural Məmmədovun atası Arif Məmmədovla görüş keçirilib. Tədbirin əvvəlində Tural Məmmədovun və cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Turalın həyat və döyüş yolu barədə söhbət aparılıb, onun gələcək nəslə örnək ola biləcək övlad oldugu bildirilib.

Şəhidin atası Arif Məmmədov Turalın Suqovuşan-Talış yüksəklikləri ugrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqları nəticəsində düşmənin 3 tankını, içində tabor komandiri olan bir Niva minik maşını və xeyli sayda canlı qüvvəsini sıradan çıxarmasından danışaraq, cənab Ali Baş Komandan İlham Əliyevə oğlunun ölümündən sonra "Vətən uğrunda" medalı ilə mükafatlandırılmasına görə təşəkkürünü bildirib.

Daha sonra görüşdə iştirak edən, Sincan kənd kitabxanasının müdiri R.Əzizova, Folklor klubunun müdiri S.Eldarlı və təşkilatçı D.Əzizov Tural haqqında xatirələrini paylaşıblar. Tədbirin sonunda "Kəndimizin iki şəhidi" başlıqlı sərgiyə baxış olub.