12.12.2020
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, qazilərimizə, bütün şəhidlərimizə hörmət və ehtiram göstərmək, onları tanıtmaq hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.
Oğuz rayon Mərkəzi Kitabxananın əməkdaşlarının iştirakı ilə Vətən Müharibəsində inanılmaz qəhrəmanlıqlar və şücaətlər göstərərək, torpaqlarımızın işğaldan azad olunması şərəfinə nail olmuş Oğuzlu XTQ döyüşçüsü, baş gizir Ramin Şabanovun qarşılanma mərasimi təşkil olunub. Ramin Şabanov 2016-cı ildə baş verən Aprel döyüşlərində də iştirak etmiş, Talış kəndinin işğaldan azad olunmasında xüsusi xidmətlər göstərmişdir. Vətən Müharibəsinin başladığı ilk gündən təyin olunmuş mövqelərdə, Kəlbəcər istiqamətində öz döyüş yoldaşları ilə birgə hərəkət edərək, Ömər zirvəsini, Canavar sağ qulaq, Canavar sol qulaq yüksəkliklərini düşməndən təmizləyib. Sonra istiqamət dəyişdirilərək, General leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə Cəbrayıl uğrundakı döyüşlərdə iştirak edib. Daha sonra Hadrut, Füzuli, Azıx mağarası, Qırmızı Bazar ərazilərində gedən döyüşlərdə həmyerlimiz ağılagəlməz qəhrəmanlıqlar göstərib. Şuşa uğrunda gedən döyüşlərdə düşmən mərmisinin düşməsi nəticəsində Ramin sağ ayağından yaralanıb. Bu zaman döyüş yoldaşlarından bir neçəsi şəhid olub. Yaralı vəziyyətdə bir sutkadan çox vaxt ərzində əməliyyatlardan geridə qalmayıb. Ramin özü yaralı olsa da, snayper gülləsindən ayağı qırılan, sinəsindən qəlpə yarası alan döyüş yoldaşı Çingizi sərt mövqedən uzaqlaşdıra bilib. Daha sonra komandirin təkidi ilə təxliyyə olunaraq, Füzulidəki hospitala yerləşdirilib. Şuşanın alınması xəbərini də burada eşidib. Ramin uzun müddətdir ki, müalicə alır. Hələ tam sağalmayıb. Kəllə- beyin travmasının sağalması həkimin dediyinə görə uzun sürən vaxt aparır, lakin eşitməsinin bərpası mümkün hesab olunmur.
Oğuza anasını, onunla fəxr edən, qürur duyan əzizlərini, elini obasını görmək üçün gələn qəhrəmanı Oğuz camaatı rayonun girəcəyində xüsusi təntənə ilə qarşılayıb. Kitabxananın əməkdaşları da bu görüşdə iştirak edərək, qazinin tezliklə sağlığına qovuşmasını arzulayıblar.