12.12.2020
İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir.
Bu fikirlər Ulu Öndərin vəfatının 17-ci ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə dekabrın 11-də keçirilən videokonfransda səsləndirilib.
Mədəniyyət və təhsil işçilərinin, rayon gənclərinin iştirakı ilə keçirilən videokonfransın əvvəlində Ulu Öndərin, həmçinin Vətən müharibəsində canlarını fəda vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransı rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açaraq Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Heydər Əliyevin ordu quruculuğu sahəsindəki xidmətlərini xüsusi vurğulayan Mərkəzin direktoru bildirib ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə beynəlxalq standartlara uyğun ordunun yaradılmasına nail olub. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbə qazanaraq torpaqlarımızı erməni işğalından azad edib.
Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova və başqaları çıxış edərək, müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevin xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq, yaddaşlara əbədi həkk olunduğunu vurğulayıblar. Bildirilib ki, harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi daim yad edir.