21.08.2020
Şəki Regional Mədəniyyət Idarəsinin təşkilatçılığı ilə İkinci dünya müharibəsinin əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, aparat işçiləri, idarənin əhatə dairəsində olan rayonların baş məsləhətçiləri, müəssisə rəhbərləri və qəhrəmanın oğlu Cavanşir Cəbrayılov iştirak ediblər.
Tədbiri Şəki Regional Mədəniyyət idarəsinin rəisi Mirvari Zeynalova açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalaması ilə bağlı iştirakçılara məlumat verib. Bildirilib ki, azərbaycanlılar İkinci Dünya müharibəsində fəal iştirak edərək faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqa azərbaycanlı döyüşçülərin müharibədəki qəhrəmanlığı barədə həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda kifayət qədər məlumatlar yer alıb.İkinci Dünya müharibəsinin iştirakçısı olmuş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov Fransa Müqavimət hərəkatınıntanınmış nümayəndələrindən biridir. O, “Armed Mişel”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib, Fransanın yüksək mükafatları və orden-medallarla təltif olunub. Onun qəhrəmanlığı həmişə Ulu Öndər Heydər Əliyev və Dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra qəhrəmanın oğlu Cavanşir Çəbrayılov atasının həyatı, müharibədə, habelə müqavimət hərəkatında göstərdiyi igidlik, bir sıra fransız şəhərlərinin azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə bütün sovet əsgərlərinin adından çıxış etməsi, onun müharibədən sonrakı illərdə Fransanın Prezidenti Şarl de Qoll və partizan dostları ilə görüşməsi və s. maraqlı faktlar barədə danışıb.
Daha sonra sərəncamdan irəli gələn vəzifələr ətrafında müzakirələr aparılıb.