30.10.2019
Oktyabrın 30-da Sabit Rəhmanın ev muzeyində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Əbədiyyət günəşi” adlı tədbir keçirilib. Tədbir təbiətin qızılı rəngə boyandığı bir vaxtda, muzeyin payız çiçəkləri ilə ətirlənmiş həyətində təşkil olunub.
Muzeyin direktoru Pərvanə İskəndərova tədbiri giriş sözü ilə açaraq, İmadəddin Nəsiminin fəlsəfi bir qəzəli üzərindən çıxış edib. O öz çıxışında qeyd edib ki, biz Nəsimini filmdə sevdik və acı taleyinə kədərləndik. Nəsiminin qəzəllərini oxuduqca onun həqiqətən ədəbiyyatımız üçün bir günəş olduğunu görürük.
Tədbirdə 3 nömrəli orta məktəbin şagirdləri, MKS-nin kitabxanaçısı Günel Vahabova, Musiqi kollecinin tələbəsi Nuray Mikayılzadə Nəsiminin qəzəllərini səsləndiriblər və sonra 3 saylı Uşaq Musiqi məktəbinin müəllimləri tərəfindən Nəsiminin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Eylədi” adlı musiqi nömrəsi ifa olunub.
Tədbirin sonunda Bəxtiyar Vahabazadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli və 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, Nəsiminin yubileyinə həsr olunmuş bu günkü tədbirdən aldıqları xoş təəssüratlarnı qonaqlarla bölüşüblər.