
19.06.2026
İyunun 18-də Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Arif Babayev 1938-ci ildə Ağdam şəhərindən anadan olub. O, 1 avqust 2025-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Sənətkarın yaradıcılıq gecəsi məktəbin xalq çalğı alətləri şöbəsinin xanəndəlik ixtisası üzrə müəllimi Gültən Bəkirovanın təşkilatçılığı ilə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gecədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin nümayəndələri, şəhid anaları, qazilər, valideynlər, eləcə də uşaq musiqi, incəsənət məktəblərinin rəhbərləri və müəllimləri iştirak edib.
Tədbir çərçivəsində Arif Babayevin repertuarından “Tar-kamanım, gəl-gəl”, “Cəfasız olmaz” və digər muğam, xalq mahnıları məktəbin şagirdlərinin ifasında təqdim olunub.
Eyni zamanda, 2025-ci ildə keçirilmiş IX Muğam Müsabiqəsinin iştirakçısı, V sinif şagirdi Elvin Məmmədov “Aşiqəm” muğamını, respublika müsabiqələrinin qalibi V sinif şagirdi Elmir Cəfərli isə “Qara telin incə belə” əsərini uğurla ifa edib. Həmçinin tədbirdə zərb muğamları və dəstgah nümunələri də səsləndirilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.