Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Oğuzda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

31.07.2026

İyulun 31-də Oğuz rayonunda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili – milli kimliyimizin və mənəvi sərvətimizin təməli” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Oğuz rayon Mərkəzi Kitabxanası və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyə Osmanova, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, “Oğuz xəbərləri” qəzetinin baş redaktoru Nazim Hüseynli, Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Alcanlı, rayonun şair və yazıçıları, mədəni-maarif müəssisələrinin əməkdaşları və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Azərbaycan əlifbasının və ana dilinin milli kimliyin formalaşmasında xüsusi rol oynadığı vurğulanıb, dilimizə sevgi və hörmət hissinin gücləndirilməsinin, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlərinin əsas sütunlarından biridir. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin inkişafına mühüm töhfələr verib.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqi və təbliğinin davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.